AzVision.az-ın Analitik Qrupu

Bitki, heyvan, Günəş və külək | LONQRİD

// Bugünün fermeri sabahın prosyumerinə çevrilməlidir

Q
azaxıstanın şərqində, Qərbi Altay qoruğunun yaxınlığında, gözəl təbiətin qoynunda maraqlı bir ferma var. Burada Pospelovlar ailəsi 50 inək saxlayırlar. Yaşayış məntəqələrindən uzaq olduğu üçün fermanın yerləşdiyi ərazidə infrastruktur zəif inkişaf edib. Buna baxmayaraq, fermanın işində problemlər yaranmır. Çünki onlar 2022-ci ildən bəri 9 digər təsərrüfatla birlikdə BMT-nin xüsusi proqramında iştirak edirlər. Proqram çərçivəsində 10 fermada alternativ enerji mənbələri quraşdırılıb və onlar “enerji muxtariyyatı” əldə ediblər.

Kənd təsərrüfatı enerjitutumlu sahədir. Bu gün dünyanın ümumi enerji istehlakının 2.1%-i kənd təsərrüfatının payına düşür. Qida sənayesini də əlavə edəndə həmin rəqəm 15%-ə qalxır.

Dünyada dizel yanacağının təxminən 1/3-i bu sahədə işlədilir. Avropa İttifaqında havaya buraxılan  zərərli qazların 31%-nə görə  kənd təsərrüfatı "məsuliyyət daşıyır". Digər regionlarda bu göstərici daha artıqdır. Ümumilikdə atmosferə atılan karbon qazının haradasa 1 giqatonuna görə bu sektor “günahkardır”. Ona görə də, kənd təsərrüfatında alternativ energetikanın geniş tətbiqinə nail olmadan enerji balansını optimallaşdırmaq mümkün deyil.

Qazaxıstanlı fermer Tatyana Pospelova: "Təbiət bizə lazım olan hər şeyi verir, o cümlədən, enerjini də"

Kənd təsərrüfatı bölgələrində ətraf mühitin təmizliyi xüsusilə vacibdir. Çünki çirklənmiş hava, su, torpaq sonradan bitki və heyvanların sağlamlığına təsir göstərir. Onların vasitəsilə müxtəlif toksinlər dolayı yolla bizim süfrəmizə qədər gəlib çıxır.

Nova sub Soli

Bütün bunlar nəzərə alınaraq, dünyada kənd təsərrüfatının alternativ energetikaya keçirilməsi istiqamətində işlər
sürətləndirilir. 2010-cu ildə həmin sektorda bərpaolunan enerjinin payı 10,2% faiz idisə, 2020-ci ildə 15,4%-ə çatıb. Əgər təsərrüfat yaşayış məskənlərindən uzaqda yerləşirsə, ora enerji xətləri (işıq, qaz) çəkmək baha başa gəldiyindən, alternativ mənbələr xüsusilə aktuallıq qazanır.

2011-2021-ci illərdə kənd təsərrüfatında yaşıl enerjinin payı 12% artıb (Mənbə: Global Status Report)

Amma söhbət təkcə fermer təsərrüfatlarının enerji ehtiyacının ödənilməsindən getmir. Məsələ ondadır ki, iki sahənin - kənd təsərrüfatı ilə energetikanın faydalı simbiozunu yaratmaq mümkündür. Məsələn, bəzi bitkilər (kartof, soğan, xiyar və s.) kölgəni sevirlər. Daimi qızmar günəş onlara ziyan vurur. Bu bitkilərin əkildiyi yerdə günəş panellərinin quraşdırılması ikitərəfli fayda gətirir: həm enerji verir, həm də məhsuldarlıq artır. İspaniyada “Fungisolar” layihəsi çərçivəsində günəş panellərinin kölgəsində göbələk becərilməsi çox yaxşı nəticə göstərib. San-Qabriel üzümçülük və şərabçılıq təsərrüfatında tənəklərin günəş panellərinin kölgəsində  əkilməsi də özünü doğruldub.

Yeni texnologiya olan şəffaf günəş panelləri imkanları daha da artırır. İstixanaların  bu materialdan yığılması oranın qızdırılması üçün əlavə enerji mənbələrinə ehtiyacı minimuma endirir. Günəş panellərinin süni su hövzələrində (məsələn, balıq saxlanılan hovuzlarda) yerləşdirilməsi onları qızmağa qoymur, nəticədə elementlərin Faydalı İş Əmsalı artır. Balıqlara isə bu zaman heç bir narahatlıq yaranmır.

Bəzi bitkilərin günəş panellərinin kölgəsində becərilməsi məhsuldarlığı artırır

Avropa İttifaqında hətta “aqrofotovoltaj” (Agrophotovoltaics, qısaca AVP) adlı xüsusi terminin yaranıb. Bu termin ərazidən eyni zamanda həm kənd təsərrüfatı, həm də enerji generasiyası məqsədilə istifadəni ifadə edir. Təcrübənin genişləndirilməsi üçün hazırda Avropa İttifaqında EAGER layihəsi (2024-2028) həyata keçirilməkdədir. Layihənin nəticələri göstərir ki, fermer təsərrüfatlarında yaşıl enerji texnologiyalarının tətbiqi torpaqdan istifadənin effektivliyini 186 faiz artırır.

Alternativ energetikanın hansı növünə üstünlüyün verilməsi fermer təsərrüfatının yerləşdiyi ərazidən və fəaliyyət növündən asılıdır.  Əlbəttə, kombinə olunmuş sxemlər də mümkündür. Gəlin, əvvəlcə əsas istiqamətlərə qısaca nəzər salaq.

• Energetik heliosentrizm

Yer Kürəsində olan bütün kömür, neft və qaz ehtiyatlarının məcmu enerjisi planetin Günəşdən cəmi 20 gündə aldığı enerji qədərdir. Bu müqayisə göstərir ki, düzgün istifadə olunsa Günəşin enerjisi bəşəriyyətə nə verə bilər.

Kənd təsərrüfatında elektrik enerjisindən müxtəlif məqsədlərlə istifadə olunur: binalar işıqlandırılır, nasoslar işləyir, avadanlıq, cihaz və qurğular fəaliyyət göstərir. Onların enerji ilə təchizatını asanlıqla fermer təsərrüfatının öz hesabına həyata keçirmək mümkündür. Bu üsul il ərzində günəşli saatların daha çox olduğu bölgələr üçün aktualdır.

ABŞ-da 1 yel dəyirmanı fermerin ildə 2-5 min dollara qənaət etməsinə imkan yaradır

• Havadan enerji

Külək turbinlərinin quraşdırılması, istismarı və xidmət göstərilməsi Günəş panellərinə nisbətən daha çox xərc tələb edir. Amma günəşli saatların az olduğu bölgələrdə, yaxud, payız-qış aylarında onlar panelləri uğurla əvəz edə bilərlər. Ona görə də çox vaxt ikisinin kombinə edildiyi sxemlər tətbiq olunur. ABŞ təcrübəsində küləkli bölgələrdə yerləşən fermer təsərrüfatları bir yel dəyirmanının sayəsində ildə 2-5 min dollara qənaət edə bilirlər. Avropada fermer təsərrüfatları birləşərək külək turbinlərinin şəbəkəsini yaradır, sonra ondan alınan enerjidən birlikdə istifadə edirlər.

• Bioenerji

Kənd təsərrüfatında bioloji tullantılardan enerji əldə etməyin müxtəlif yolları var. ABŞ-nin Energetika Departamentinin hesablamalarına görə, düzgün istifadə olunsa, biokütlədən ildə 20 milyard dollarlıq enerji almaq mümkündür. Bunun karbon emissiyasına təsiri isə 70 milyon avtomobillin yollardan yığışdırılmasının verə biləcəyi effektə bərabər olacaq.

Bioqaz qurğusu mal-qaranı həm də enerji istehsalı vahidinə çevirir

Həm bitkilər, həm də heyvanlar enerji kimi istifadə edilə bilinəcək materiallar verirlər. Məsələn, Günəbaxanın toxumları istifadə olunandan sonra bitkinin artıq qalan və tullantıya gedən hissəsindən biodizel almaq mümkündür. Amma bu bir qədər mürəkkəb texnologiyadır. Heyvanların tullantısından bioqaz almaq qat-qat asan və praktikdir, onu elə günü bu gün Azərbaycanda istənilən fermer öz təsərrüfatında tətbiq edə bilər. Edib də.

Cəmşidin təcrübəsi

Ekoloji
fəal Cəmşid Quliyevin Goranboy rayonunda kiçik fərdi fermer təsərrüfatlı var. O, Azərbaycanda bioqaz əldə edən ilk fermerdir. Cəmşid təcrübəsini AzVision ilə bölüşüb.

Ekoloq-fermerin sözlərinə görə, bioqaz enerjisi biokütlənin - bitki və ya heyvan mənşəli kütlənin reaktorda qıcqırdılması nəticəsində əldə edilir. Əsas xammal heyvandarlıq təsərrüfatlarında tullantıya gedən, bəzən isə gübrə kimi istifadə olunan peyindir. Peyinə su qatılır və reaktora əlavə edilir. Qıcqırma zamanı aktivləşən mikroorqanizmlərin sayəsində metan qazı yaranır.  Reaktorda müəyyən temperatur rejimi olmalıdır. Bu temperatur sizin hansı mikroorqanizmləri aktivləşdirəcəyinizdən asılı olaraq tənzimlənir.

Qurğuda avtomat və yarımavtomat rejimlərin tətbiqi mümkündür. Onu mağazalarda rahat tapılan avadanlıqlardan yığmaq olur. Qış aylarında bioqaz reaktorunda yüksək temperatur əldə etmək asan olmur. Ona görə, start üçün enerjiyə ehtiyac yaranır. 
Bioqaz qurğularının aşağı və orta temperatur rejimlərində istifadəsi zamanı beş tonluq reaktorda gündəlik hasilat təqribən 1,2-1,5 kubmetr olur. Əgər obyekt və ya mənzil geniş olarsa, böyük reaktorlara ehtiyac yaranır.

Cəmşid Quliyevin sözlərinə görə, biokütlənin hazırlanması, reaktora yüklənməsi, bioloji qazın nəzarətdə saxlanılması əlavə insan əməyinə ehtiyac yaradır. Gündəlik işləri ilə məşğul olan kəndli bioqaza vaxt ayıra bilmir. Ona görə də əksəriyyət dövlətdən aldığı təbii qazdan yararlanmağı üstün tutur. Amma nəzərdə saxlamaq lazımdır ki, bioqaz qurğusundan istifadə yalnız qaz əldə etmək üçün deyil. Onun faydalarından biri də heyvandarlıq təsərrüfatındakı peyinlərin utilizasiyasıdır. Çürümə açıq havada gedəndə karbon və metan qazı atmosferə atılır. Bu isə karbon emissiyasını çoxaldır. Qurğudan kütləvi istifadə bunun qarşısını almağa böyük töhfə verə bilər. Bu zaman biz metanı nəinki atmosferə tullamırıq, əlavə olaraq, yanacaq kimi xeyir götürürük.

Bioqaz qurğusu təkcə enerji vermir, həm də kənd təsərrüfatındakı tullantıları utilizasiya edir

Qurğudan istifadənin başqa faydası da var. Xammal kimi reaktora əlavə edilən peyin istifadə olunduqdan sonra "biohumus" deyilən qiymətli gübrəyə çevrilir. "Şəxsən mən o gübrəni təcrübəmdə yoxlamışam. İllərlə çiçək açmayan ağacın dibinə biohumus tökəndə onun bar verməsini gözümlə görmüşəm. Onun kimyəvi gübrələrdən fərqini izah etməyə də ehtiyac yoxdur",- Cəmşid Quliyev deyir.

Kimin hesabına?


Ekoloq-fermerin sözlərinə görə, bioqaz hasilatının geniş  yaylıması üçün kəndliyə dəstək göstərmək lazımdır. Məsələn, dövlət qurğuların alınması üçün maliyyəni, ona qulluq edəcək işçinin maaşını verə, əvəzində isə hasil edilən qazın və gübrənin bir hissəsini götürə bilər. İstənilən kəndli buna həvəslə razılaşardı.

Əslində digər alternativ enerji mənbələrinin – günəş panellərinin, külək dəyirmanlarının,- quraşdırılması üçün də kəndlinin dəstəyə ehtiyacı var. Dövlətlər belə praktikaya gedirlər. Moldovalı energetika eksperti Sergey Unquryanunun sözlərinə görə, ölkəsinin özəl sektorunda “yaşıl” texnologiyaların tətbiqi üçün xüsusi dövlət proqramı qəbul edilib. Proqrama görə, sahibkar və ya fizik şəxs “yaşıl” texnologiyaların tətbiqinə 3 milyon leyə qədər sərmayə qoyursa, həmin məbləğin yarısını dövlət ödəyir.

Ev təsərrüfatlarında və fərdi evlərdə “yaşıl” energetikanın tətbiq edilməsilə bağlı da xüsusi proqram var. Çoxmənzilli evlərə bu məqsədlə 70%-ə qədər qrant verilir. Günəş panellərinin və onların tərkib hissələrinin idxalı gömrük rüsumlarından azaddır. Bundan başqa, 105 meqavatta qədər külək, 65 meqavatta qədər günəş qurğularının quraşdırılması üçün müntəzəm tenderlər keçirilir.

Bu yerdə gəlib çox vacib məqama çatırıq. Amma əvvəlcə bir terminlə tanış olmaq lazımdır.

Prosyumerizim

“Prosyumer” terminini ilk dəfə amerikalı futuroloq Elvin Toffler 1980-ci ildə çapdan çıxan “Üçüncü dalğa” kitabında işlədib. Bu termin “istehsalçı” (producer) + “istehlakçı” (consumer) sözlərinin birləşməsindən yaranıb. Geniş mənada prosyumer – özünün də istehlak etdiyi malların istehsalında fəal rol oynayan şəxsdir. Prosyumerizm cəmiyyətində istehsalçı ilə istehlakçı, fərdi təsərrüfat ilə biznes, ev ilə iş yeri arasındakı fərqlər silinir.

İstehlakçı ilə prosyumerin fərqi

Tofflerə görə, natural təsərrüfat birinci, sənaye cəmiyyəti ikinci dalğa idi. Üçüncü dalğa prosyumerizm olacaq. “Web 2.0” dövrü başlayandan sonra bu proses daha qabarıq nəzərə çarpır: Məsələn, “YouTube”da, “Wikipedia”da, sosial şəbəkələrdə çoxları məhz prosyumerlərdir: özləri kontent yaradır və başqalarının yaratdığı kontentdən faydalanırlar.

Müasir alternativ enerji alətlərinin əlçatanlığı energetika sahəsində də prosyumerizm dövrünün başlaması üçün əla imkanlar yaradır. İstənilən istehlakçı evində, həyətində, yaxud, fermasında quraşdırdığı avadanlıqdan alınan enerjinin artıq qalan hissəsini digər abunəçilərə, yaxud, dövlətə sata bilər.

Dünya praktikasında böyük enerji təchizatçılarından asılı olmamaq meyli güclənməkdədir. Prosyumerizm bu trendin son mərhələsi olacaq. İtaliyanın Yeni Texnologiyalar, Enerji və Dayanıqlı İqtisadi İnkişaf Milli Agentliyinin (ENEA) hesabatına görə, 2050-ci ildə Avropa İttifaqı ərazisində 250 milyondan çox  prosyumer olacaq. Onlar kiçik ev təsərrüfatlarında əldə etdikləri enerjini ümumi şəbəkəyə satacaqlar. Həmin enerji isə ümumi balansın 45%-ni təşkil edəcək.

Ekspertlər yaxın gələcəkdə prosyumerizmin energetikada inqilabi dəyişiklik edəcəyini düşünürlər. Bu zaman ilk ağla gələn fermerlər olur. Çünki öz istehlakından artıq enerji istehsal etmək üçün hər halda, əlavə yer lazımdır. Şəhər sakininin mənzilində (evində) quraşdırdığı avadanlıqlarla o dərəcədə çox enerji generasiya etmək mümkün deyil. Fermerlər isə əsas məşğuliyyətlərini asanlıqla enerji prosyumerizmi ilə birləşdirə bilərlər.

Prosyumerizm enerji bazarında inqilabi dəyişiklik yaradacaq

Bunun üçün qanunlarda müvafiq dəyişikliklər etmək, ikitərəfli elektrik sayğaclarına keçmək lazımdır ki, onlar həm daxil olan, həm də çıxan enerjini hesablaya bilsinlər.  Xüsusi növ yarımstansiyalara ehtiyac yaranacaq. Amma bunların hamısı elə bu gün həll oluna bilən məsələlərdir. Damına günəş panelləri döşənmiş yüz minlərlə evin generasiya edəcəyi güc həqiqətən də çox şeyi dəyişə bilər. Elektromobillərə kütləvi keçid də məhz bundan sonra ekoloji baxımdan özünü doğruldacaq.

Ukraynada bu prosesin getməsinə hətta müharibə də mane olmur. İqtisadçı Aleksandr Oxrimenko “AzVision”a deyib ki, əgər ölkədə yaşıl enerjinin istehsalı ilə əvvəllər böyük biznes məşğul olurdusa, indi fiziki şəxslər prosesə qoşulublar. Bu məqsədlə onlara xüsusi güzəştli kreditlər verilir. Yaradılan layihələrin nəticəsində generasiya olunan külək və günəş enerjisinin artıq qalan hissəsi dövlət tərəfindən müəyyən edilmiş qiymətə alınır. Ona görə də Ukraynada sahibkarların və fərdi şəxslərin “yaşıl” energetika texnologiyalarına keçmələri çox sərfəlidir. Bunun üçün hüquqi şəxs olmaq vacib deyil, fiziki şəxslər də prosesdə iştirak  edə bilərlər. Nəticədə Ukraynada “yaşıl” enerjinin payı artıq 15%-i keçib.

 Avropa İttifaqının da bu məqsədə xidmət edən xeyli xüsusi qrant və güzəştli kredit proqramları var. Həmin vəsaitlərin sayəsində kiçik hidroelektrik stansiyaları tikilir, “ağıllı” evlər və ev təsərrüfatları qurulur. Bunların hamısı son nəticədə energetikanın “yaşıl”laşdırılmasına xidmət edir.

Miqyası böyütmək vaxtıdır

Azərbaycanda bu istiqamətdə əsaslı şəkildə addım atan fərdi təsərrüfatlar hələ ki yoxdur. Sınayanlar var, amma onlar bunu daha çox yeni texnoloji dəbə qoşulmaq məqsədilə edirlər. Halbuki, fərdi fermer təsərrüfatlarında alternativ energetikaya keçid dünyada artıq oturuşmuş trendə çevrilib. Görünür, bu istiqamətdə dövlətin bəzi impulslar verməsinə ehtiyac var. İlk növbədə alternativ enerji avadanlıqları almaq üçün güzəştli kreditlərin və qrantların təklif olunması, sonrakı mərhələdə əlavə enerjinin prosyumerlərdən alınması üçün uyğun sistemə keçilməsi güclü təkan ola bilər.

Amma ən vacibi təfəkkürün dəyişməsidir. Bizdə artıq suyu israf etməmək düşüncəsi formalaşmaqdadır. Növbəti mərhələdə dərk etmək lazımdır ki, Günəş və külək də təbii sərvətlərdir, istifadə etməyi bacarmadıqca onları da israf etmiş oluruq.

  24 Noyabr 2025    Oxunub: 18150    Oxunma vaxtı: 18 dəq.

18 dəq.